Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev startap layihələrinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu layihələrin məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır. Bildirilib ki, belə müsabiqələrin həyata keçirilməsi nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını təcrübədə tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər. Vurğulanıb ki, universitetdə yeni təməli atılan texnoparkda “Startap” mərkəzinin yaradılması bu müsabiqələrin aktuallığını daha da artırır. İnformasiya – kommunikasiya texnologiyaları və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli qeyd edib ki, startap hərəkatının fəal iştirakçısına çevrilən ali təhsil ocağında yeni texnologiyaları yaxından izləyən və tətbiq edən bir mühit vardır. Belə müsabiqələrin keçirilməsinin tələbələrin muxtar respublikada innovasiyayönümlü iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, I startap müsabiqəsində ndu.edu.az internet saytı üzərindən ideya bankına göndərilən 15 layihədən 10-u seçilərək final turuna vəsiqə qazanıb. Muxtar respublika üzrə startap müsabiqəsinin qalibi, “İqtisadiyyat” ixtisası üzrə IV kurs tələbəsi Kamil Hüseynli müəllifi olduğu “Vita Blok” startap layihəsi barədə məlumat verib. Sonra müsabiqənin final turu keçirilib. “Ağıllı bitki”, “Ağıllı ölçü cihazı”, “Ağıllı şkaf”, “Easy buy”, “Sensorla idarə olunan təmizlik qutusu”, “Naxçıvan 360 dərəcə veb saytı və mobil tətbiqi”, “Buy-sell” və bir neçə layihələr nümayiş etdirilib. Münsiflər heyətinin qərarına əsasən, universitetin “Memarlıq və mühəndislik” fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbələri “Ağıllı bitki” layihəsi ilə müsabiqənin qalibi olub. “Easy buy” layihəsi üzrə “İqtisadiyyat və idarəetmə” fakültəsinin tələbələri II, “Buy-sell” layihəsi üzrə “Memarlıq və mühəndislik” fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbələri III olublar. Qalib komandalar sertifikat, kubok və pul mükafatı ilə təltif edilib. Qeyd edək ki, layihələr finala hazırlanarkən tələbələrə peşəkar mütəxəssislər tərəfindən maarifləndirici seminar-treninqlər keçirilib.